Elektron Hökumət


Son illər inkişaf etmiş ölkələrdə demokratiyanın inkişafına təsir edən amillərdən biri də "Elektron hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir. "Elektron hökumət” müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Bu məqsədə nail olmaq üçün dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi vacibdir. Beynəlxalq təcrübəyə əsasən, vətəndaşların dövlət orqanları ilə təmaslarının daha rahat və münasib şəkildə təşkili üçün dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin bir məkanda cəmləşdirildiyi "elektron hökumət” portalı "bir pəncərə” prinsipi əsasında yaradılır.

Ölkəmizdə "elektron hökumət”in formalaşdılrıması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ-hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq "elektron hökumət”in formalaşdılrması üzrə digər dövlət orqanları ilə sıx əməkdaşlıq edir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət göstərir. Artıq elektron imzalarn istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılmışdır, dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulmuşdur, "Elektron hökumət” portalı hazırlanaraq istifadəyə verilmişdir. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilərlər.

"Elektron hökumət” üzrə əsas fəaliyyət prinsipləri:

  • Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi;
  • İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;
  • İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin, sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması;
  • Dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsünün və onun icrasının təmin edilməsi;

"Elektron hökumət”in əhəmiyyəti:

  • Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, həyata keçrilən fəaliyyət səviyyəsinin yüksəldilməsi və onlardan istifadə etmə qaydalarının sadələşdirilməsi;
  • Dövlət qurumlarının və yerli özünü idarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
  • İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetirlmə prosedurlarının sadələşdirilməsi;
  • Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi;
  • İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması;
  • İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq, təqdim olunan elektron xidmətlərdən ölkənin bütün ərazisində istifadənin mümkünlüyü.
"Elektron hökumət” virtual məkanı, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.

Layihə haqqında

"E-hökumət” layihəsi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmışdır və "Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır.
 

Layihənin məqsədi

  • Dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi
  • Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi
  • İctimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və hökumət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsi
 

Layihənin həyata keçirilməsinin əsas istiqamətləri

  • E-hökumətin və onun istifadəçilərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılması
  • Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi
  • E-hökumət infrastrukturunun əsas komponentlərinin yaradılması
  • "Bir pəncərə” prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsi
  • Dövlət qulluqçularının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi
  • E-hökumət infrastrukturunun və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, fərdi məlumatların mühafizəsinin təmin olunması
  • Əhali qruplarının informasiya texnologiyaları sahəsində savadlılıq səviyyəsinin artırılması, e-hökumət xidmətlərinə çıxışının təmin olunması
 

E-hökumət infrastrukturunun əsas komponentləri

  • Dövlət orqanlarının vahid şəbəkə infrastrukturu
  • E-hökumət portalı
  • E-hökumət şlüzü
  • İnformasiya resursları və sistemlərinin dövlət reyestri
  • E-imza üzrə milli infrastruktur
  • E-sənəd dövriyyəsi üzrə milli infrastruktur (hazırlanmaqdadır)
  • E-hökumət verilənlər mərkəzi (data-center) (hazırlanmaqdadır)
 

Layihənin əsas üstünlükləri

 

1. Hökumət üçün

  • Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması
  • Büdcə vəsaitlərinə qənaət edilməsi, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərinin azalması
  • Dövlət orqanlarının vahid informasiya fəzasının formalaşması və təhlükəsizliyinin təmin olunması
  • Effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması
 

2. Vətəndaşlar üçün

  • Vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsi
  • Vətəndaşların dövlət orqanları ilə təmaslarının sadələşdirilməsi, daha münasib və çevik formada həyata keçirilməsi
  • İnformasiya tələbatının dolğun ödənilməsində rahatlıq
  • Məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etməsi
 

3. Biznes sektoru üçün

  • Dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqə qurulması, xərclərin azaldılması
  • İqtisadi aktivliyin, rəqabət qabiliyyətinin və xarici bazarlara çıxış imkanlarının artması
 

Layihənin icrasından əldə olunacaq nəticələr: E-xidmətlərin göstərilməsi

Vətəndaşlar üçün e-xidmətlər:

  • Gəlir vergisi
  • İş axtarışı (müəssisələrdə vakansiyalar)
  • Sənədlərin verilməsi (pasport və sürücülük vəsiqəsi)
  • Vətəndaşların qeydiyyat aktları (doğum, ölüm, nikah)
  • Avtomobillərin qeydiyyatı
  • "On-layn” ərizə (ali məktəbə daxil olmaq, tikinti aparmağa razılıq almaq, pensiya, müavinət və s. haqqında)
  • Yaşayış yerində qeydiyyat
  • Səhiyyə xidmətləri ( e-məsləhət) və s.
 

Biznes sektoru üçün e-xidmətlər:

  • Sosial fondlara ödəmə
  • E-bəyannamə, e-vergi hesab-fakturası
  • Yeni şirkətlərin qeydiyyatı
  • Gömrük bəyannamələri
  • E-lisenziya
  • E-satınalma, e-kotirovka
  • E-hərrac
  • Arayışların verilməsi və s.