Elektron İmza


Son illər Azərbaycan Respublikasında "elektron hökumət” adlanan yeni virtual mühitin istifadə edilməsi, elektron sənədlərin dövriyyəsinin formalaşdılrıması və həmin sənədlərin mübadiləsinin təşkil edilməsi, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətçə yeni formatda təqdim edilməsidir.

Beynəlxalq təcrübəyə əsaslanaraq, ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 17 fevral 2003-cü il tarixli sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” ilkin olaraq "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, ”Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanunu, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ-hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır.

Dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin səmərəliliyini artıran, vətəndaşlara və özəl qurumlara keyfiyyətli informasiya xidmətlərini göstərən "Elektron hökümət" adlanan virtual mühitin formalaşması zəminində elektron sənədlərin mübadiləsinin təşkil edilməsi "Elektron Azərbaycan” proqramının əsas məqsədlərindən biridir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq digər dövlət orqanları ilə sıx əməkdaşlıq edir və elektron sənədlərin mübadiləsinin təşkil edilməsi üçün müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət göstərir. Bu məqsədlə nazirliyin nəzdində Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılmışdır. Vətəndaşlara, dövlət qurumlarına, yerli icra hakimiyyəti orqanlarına, biznes strukturlarında işləyən hüquqi və fiziki şəxslərə həmin Mərkəz tərəfindən elektron sənədi təsdiq edən elektron imza verilir. Elektron imzanın və elektron sənədin istifadəsi, elektron sənəd dövriyyəsinin tətbiqi, əlaqədar subyektlərin hüquqlarının müəyyənləşdirilməsi və aralarında yaranan münasibətlərin hüquqi əsasları ”Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Artıq "elektron hökumət”in formalaşdılrması üzrə elektron imzaların istifadəsi üçün, dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur yaradılmışdır. Bütün dövlət qurumları və yerli icra hakimiyyəti orqanları, biznes strukturları bunlardan bəhrələnərək elektron xidmətlərin göstərilməsi vasitəsilə vətəndaşlara, fiziki və hüquqi şəxslərə xidmət edə bilərlər.

Yaradılmış geniş informasiya mühitində informasiya və kommunikasiya texnologiyalarından vətəndaşlar tərəfindən kütləvi istifadə edilməsi, sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaradılması, informasiyanın əmtəəyə çevrilməsi, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının artması cəmiyyətdə demokratiyanın genişləndirilməsidir.

İnformasiya və bilik bazalarının yaradılması və inkişafı, təhsil sisteminin təkmilləşdirilməsi, genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviyyəsinin artırılması, demokratik inkişafın vacib şərti sayılan vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarını təmin edən mühitin yaradılması üzrə aparılan işlər ölkə tərəfindən yerinə yetirilən əsas vəzifələrdəndir.