Səhiyyə Nazirliyi ilin sonuna qədər bütün elektron xidmətlərin tətbiqini planlaşdırır

2.10.13

"Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi üzrə Tədbirlər Planı” üzrə bəndlərdən biri də ölkədə "Elektron səhiyyə, elektron təhsil, elektron satınalma, elektron tu­rizm, elektron notariat, elektron mədəniyyət, elektron arxiv, elektron məhkəmə, elektron ticarət, elektron ödəmə həllərinin tətbiqinin genişləndirilməsi”dir. Müvafiq bəndin icrası isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətən­daş­la­ra Xidmət və Sosial İn­no­va­siyalar üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Milli Arxiv İdarəsi, Satınalmalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Tex­no­lo­gi­yaları Nazirliyinə həvalə edilib. Hazırda sözügedən sahələrdə aparılan işlərin bir istiqaməti səhiyyə sistemi ilə bağlıdır. Bəs bu sahədə hansı yeniliklər gözlənilir?

Pasiyentlər, vətəndaşlar da elektron xidmətlər vasitəsilə bu məlumat bazalarından yararlana bilərlər

Səhiyyə Nazirliyi (SN) tərəfindən ilin sonuna qədər bütün elektron xidmətlərin tətbiq edilməsi nəzərdə tutulur. Bu barədə məlumat verən SN-nin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadənin sözlərinə görə, hazırda səhiyyə sisteminin müxtəlif sahələrində informasiya texnologiyalarının tətbiqi geniş yer alıb: "Yeni informasiya sistemləri tətbiq edilir, məlumat bazaları, tibbi registrlər yaradılır. Bütün səhiyyə işçiləri bu sistemlərdən istifadə edərək, işlərini daha da yüngülləşdirirlər. Pasiyentlər, vətəndaşlar da elektron xidmətlər vasitəsilə bu məlumat bazalarından yararlana bilərlər”.

Səhiyyə sistemində 38 elektron xidmətin yaradılması nəzərdə tutulur

Ümumiyyətlə, Səhiyyə Nazirliyində 38 elektron xidmətin yaradılması nəzərdə tutulur: "Elektron xidmətlərin artıq 20-dən çoxu "Elektron hökumət portalı, eyni zamanda nazirliyin rəsmi saytı vasitəsilə istifadəyə verilib. Onların sırasında həm tibb işçilərinə, həm də vətəndaşlara çox yararlı olan xidmətlər mövcuddur”. Onun sözlərinə görə, hazırda təqdim edilən elektron xidmətlər sırasında həm məlumat tipli-informativ, həm də interaktiv xidmətlər var: "Məsələn, ən çox müraciət edilən elektron xidmətlərimizdən biri də "Dərman vasitələri haqqında məlumatın verilməsi”dir.Xidmətin məzmunu Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçirilmiş dərman vasitələrinin ticarət adı (əmtəə nişanı), beynəlxalq patentləşdirilməmiş adı, buraxılış forması, istehsalçısı, dövlət qeydiyyatının tarixi, nömrəsi və qüvvədə olma müddəti haqqında məlumatların istifadəçilər tərəfindən əldə olunmasından ibarətdir”.

Hər bir doğulan uşağın şəhadətnaməsi eyni informasiya sistemindən əldə olunur

Cəbrayıl Əsədzadə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən son illər "Doğum haqqında tibbi şəhadətnamə”nin elektron registri yaradıldığını da qeyd edib: "Özəl və ya dövlət tibb müəssisəsində anadan olmasından asılı olmayaraq, hər bir doğulan uşağın şəhadətnaməsi eyni informasiya sistemindən əldə olunur və onunla bağlı məlumatlar informasiya sistemində - elektron registrdə qeydiyyata düşür. Elektron registr vasitəsilə yeni doğulan körpəyə tibbi şəhadətnamə çap edilərək verilir. Bunun əsasında valideyn qeydiyyat şöbəsində uşağına "Doğum haqqında şəhadətnamə” alır”.

Tibbi şəhadətnamənin surətini itirənlər elektron xidmət vasitəsilə onu daha sadə yolla əldə edə bilirlər

Belə ki, hazırda sözügedən portallar vasitəsilə qeydiyyatdan keçən ana tibbi şəhadətnamənin surətini əldə edə, eyni zamanla uşaqla bağlı istənilən məlumata baxa bilər: "Bu sənəd itirildiyi zamanda, həmçinin tibbi şəhadətnamənin surətinin əksər yerlərdə tələb olunduğunu da nəzərə alsaq, bunun üçün artıq harasa getməyə ehtiyac yoxdur. Çünki elektron xidmət vasitəsilə bu sənədin surətini indi çox sadə yolla əldə etmək mümkündür”.

Tibbi şəhadətnamənin kağız forması ləğv ediləcək

Mərkəz direktoru bildirib ki, hazırda bu xidmətin təkmilləşdirilməsi üzərində işlər və müzakirələr də aparılır. Belə ki, gələcəkdə bu xidmətdən istifadənin genişləndirilməsi vətəndaşların rahatlığı baxımından yeni imkanlar yarada bilər: "Bu sahənin inkişafı növbəti yeniliklərə yol aça bilər. Belə ki, hər doğulan uşaq barəsində məlumatlar Ədliyyə Nazirliyinə də məlumat mübadiləsi şəklində ötürülür. Ola bilər ki, tibbi şəhadətnamənin kağız forması gələcəkdə tamamilə yığışdırılsın. Hazırda bu istiqamətdə Ədliyyə Nazirliyi ilə müzakirələr aparılır”.

"Elektron hökumət” bütün sahələrin inkişafına təkan verəcək

İstər tibb, istərsə də digər sahələrdə bu gün həyata keçirilən xidmətlərin elektronlaşdırılmasının başında isə "Elektron hökumət” layihəsi dayanır. Mərkəz direktoru bu layihənin yaratdığı üstünlüklərdən də danışıb: ""Elektron hökumət” layihəsi çox vacib layihədir. Layihə bütün sahələrin inkişafına, o cümlədən məlumat operativliyinin səmərəliliynə təkan verəcək. Əgər indiyə qədər qurumlar öz aralarında mübadiləni kağız arayış formasında həyata keçirirdilərsə, bu layihə müxtəlif qurumların bir-birlərinin məlumat bazalarından sürətli, operativ istifadə etməyə imkan verir. Arayış, sorğu mübadiləsi əvvəllər günlər, həftələr apararaq, xeyli vaxt tələb edirdi. İndi isə informasiya sistemlərinin "Elektron hökumət” portalı vasitəsilə cəmləşdirilməsi məlumat bazalarından səmərəli istifadəyə yol açır”.

Səhiyyə sistemində də interaktiv xidmətlərin artırılmasına ehtiyac var

Amma gətirdiyi faydalarına baxmayaraq, bu gün dövlət qurumlarının "Elektron hökumət” portalına inteqrasiyasında bir ləngimə var. Vətəndaşlar yalnız informativ deyil, daha çox tələbat duyulan sahələr üzrə, o cümlədən səhiyyə sistemində də interaktiv xidmətlərin göstərilməsinin arzusundadırlar. Hələlik isə Səhiyyə Nazirliyi ilin sonuna qədər prosesi yekunlaşdıracağı ilə bağlı vəd verir.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin elektron xidmətlərinə "Səhiyyə Nazirliyinə göndərilmiş sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi”, "Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu”, "Tibbi müayinə kartının online sifarişi”, "Daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, "Tibbi kadrların vahid registrindən məlumatların verilməsi”, "Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna yazılma”, "Vətəndaşlara elektron sağlamlıq kartı üzrə məlumatların verilməsi”, "Obliqat Qruplara aid vətəndaşlara müayinələrdən keçmələri barədə məlumatın verilməsi” daxildir. Bundan başqa, nazirlik tərəfindən təqdim edilən elektron xidmətlər siyahısında "Müəssisə rəhbərlərinə obliqat qrupuna daxil olan işçiləri barədə məlumatın verilməsi”, "Dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələrə şəxsi məlumatları, onların qeydiyyatı və aldığı dərmanlar barədə məlumatın verilməsi”, "Vətəndaşların Axtarışı Sistemi”, "Özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, "Dərman vasitələri haqqında məlumat verilməsi”, "Profilaktik peyvəndlərin vaxtı barədə SMS vasitəsilə xəbərdarlıq verilməsi”, "Tibb müəssisələri barədə məlumatların verilməsi”, "Tikinti üçün torpaq sahəsinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğunluğuna dair rəyin verilməsi”, "Tikinti və yenidən qurma layihələrinə sanitariya-epidemioloji rəyin verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, "Rentgen kabinetinin istismarına icazə verən sanitariya-epidemioloji rəyin verilməsi”, "Radioaktiv maddə və materialların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitar-epidemioloji rəyin verilməsi”, "İonlaşdırıcı şüa mənbələri ilə işlərə icazə verən sanitar-epidemioloji rəyin verilməsi”, "Doğum haqqında tibbi şəhadətnamə elektron registrindən məlumatların verilməsi” yer alıb.

Mənbə: "Rabitə Dünyası" qəzeti