Məlumat Hesablama Mərkəzi – 45 il Sizinlə

5.07.19

Bu gün Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) təsis olunmasından 45 il ötür.

Fəaliyyətə başladığı tarixdən - 5 iyul 1974-cü ildən indiyə qədər qət olunan uzun zaman kəsiminə nəzər salsaq görərik ki, peşəkar kadr potensialına malik MHM kifayət qədər naliyyətlər əldə edib. Bu gün də əminliklə qeyd etmək olar ki, MHM ölkənin İKT sahəsində qabaqcıl və inkişaf edən müəssisələrindən birinə çevrilib.

Azərbaycanda informasiya cəmiyyətinin inkişafı, həmçinin elektron idarəçiliyin qurulmasında MHM-in müstəsna rolu vardır. Belə ki, ölkədə "Elektron hökümət” quruculuğunun bünövrəsi məhz Məlumat Hesablama Mərkəzində çalışan yerli mütəxəssislər tərəfindən qoyulub.

MHM həmçinin ölkədə elektron imza üçün Milli Sertifikat Xidmətləri Mərkəzinin (kök mərkəzi) fəaliyyətini qanunvericiliyə əsasən təmin edən müəssisədir. Hazırda Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən dövlət qurumlarına, hüquqi şəxslərə, sahibkarlara və vətəndaşlara elektron imza verilir. Həmçinin, elektron imzanın qarşılıqlı tanınması istiqamətində işlər görülüb. Artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi elektron imzanın qarşılıqlı tanınması üçün Türkiyə, Belarus, İran, Qətər və Ukraynanın müvafiq strukturları ilə danışıqlar aparır. Bu baxımdan ölkədə elektron xidmətlərin və elektron kommersiyanın inkişafı üzrə işlər aparılır və eIDAS, e-kommersiya və sair sahələrdə standartlar hazırlanır.

Hazırda Məlumat Hesablama Mərkəzi ölkəmizin elektronlaşdırılması, virtual sferada mövqeyimizin möhkəmləndirilməsi, yüksək texnologiyaların tədqiqi və tətbiqi, informasiya texnologiyaları sahəsində Azərbaycanın baza və kadr baxımından potensialının gücləndirilməsi kimi strateji hədəflərə doğru inamla irəlilləyir.

İndiyədək MHM bir çox uğurlara imza atıb. Müəssisə tərəfindən icra edilən və cəmiyyətə fayda verən bir çox sosial yönümlü layihələr ölkə ictimaiyyətinin və media nüməyəndələrinin diqqətini dəfələrlə cəlb edib. Onların arasında hətta beynəlxalq miqyasda uğur qazanan layihələr də az deyil. Misal olaraq, bu yaxınlarda İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən "İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti”ndə "Cempion layihə” mükafatına layiq görülən "Danışan kitabxana” layihəsini göstərmək olar. Sözügedən layihə Heydər Əliyev Fondunun dəstəyi ilə Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb və "Made in Azerbaijan” brendi altında beynəlxalq müsabiqəyə təqdim olunub.

MHM-in əsas fəaliyyət sahəsi informasiya texnologiyalarının demək olar bütün istiqamətlərini əhatə edir.

Mərkəzdə ölkə əhəmiyyətli layihələrin icra edilməsi ilə yanaşı İKT sahəsində milli kadrların yetişdirilməsi də hər zaman prioritet olub.

İllərin təcrübəsi və peşəkarlıq sayəsində "Microsoft” şirkətinin Gümüş tərəfdaşı olan Məlumat Hesablama Mərkəzi İSO 9001:2015 və İSO 27001:2013 (İSO 27001:2005-2014) beynəlxalq keyfiyyət sertifikatlarına malikdir. Bu, mərkəzin əhəmiyyətli layihələrdə iştirakında mühüm əhəmiyyət kəsb edir.

Məlumat Hesablama Mərkəzi qarşısına qoyduğu məqsədlərə doğru sürətlə irəliləməklə İKT sahəsinin öncülləri sırasındakı mövqeyini daha da möhkəmləndirəcəyinə əmindir.