Məlumat Hesablama Mərkəzi I Xəzər İqtisadi Forumunda iştirak etdi

14.08.19

Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən "Avaza” milli turizm zonasında I Xəzər İqtisadi Forumu başa çatdı.

Forum iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də nəqliyyat və logistika, sənaye, turizm, energetika, ticarət sahələrində yeni texnologiyalar, xidmətlər və həllərlə tanışlıq, həmçinin işgüzar münasibətlərin qurulması üçün mühüm platforma rolunu oynadı.

Sərgidə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, o cümlədən nazirliyin qurumları təmsil olunublar.

Azərbaycanın milli pavilyonunda yer alan Məlumat Hesablama Mərkəzinın stendi sərgi iştirakçıları tərəfindən çox maraqla qarşılandı.

Məlumat Hesablama Mərkəzinin stendində Azərbaycan brendi adı altında Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) nümayiş olundu.

Tam olaraq yerli mütəxəssislər tərəfindən hazırlanan MCQS telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemidir.

Məlumat Hesablama Mərkəzinin dünya bazarına çıxarmağa hazırlaşdığı bu sistem texniki parametrləri standartlara uyğun olmayan mobil cihazların idxalının qarşısının alınması, itirilən və ya oğurlanan mobil cihazların istifadəsinin dayandırılması, ölkə ərazisinə gətirilən mobil cihazlara mövcud qaydalara əsasən uyğunluq sertifikatlarının alınması və s. üstünlüklərə malikdir. Bu sistem mobil cihazlar sahəsində təhlükəsizliyi təmin etmək məqsədilə İMEİ kodların qeydiyyatı prosesini davamlı olaraq aparmağa imkan verir. 

Qeyd edək ki, I Xəzər İqtisadi Forumunda Azərbaycanla yanaşı Türkmənistan, Qazaxıstan, İran və Rusiya öz pavilyonu ilə təmsil olunurdu.