MHM "ITU Telecom World 2019" beynəlxalq sərgi və forumunda təmsil olunur

10.09.19

Telekommunikasiya sahəsində ən böyük tədbir hesab olunan "ITU Telecom World 2019” beynəlxalq sərgi və forumu sentyabrın 9-dan Macarıstanın paytaxtı Budapeşt şəhərində öz işinə başlayıb. Beynəlxalq tədbirin rəsmi açılış mərasimində Macarıstanın Baş Naziri Viktor Orban və Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zao çıxış ediblər.

Hər il müxtəlif mövzuları əhatə edən tədbir bu il "Birlikdə innovasiyalar gətirərək: əhəmiyyət kəsb edən bağlılıq” şüarı altında keçirilir. "ITU Telecom World 2019” beynəlxalq sərgi forumunun əsas mövzusu rəqəmsal texnologiyalar vasitəsilə insan həyatının keyfiyyətinin artırılmasını təmin etmək məqsədilə hökumətlər və təşkilatların əməkdaşlığını artırmaqdır.

Azərbaycan hər il olduğu kimi bu il də bu beynəlxalq sərgidə Milli Pavilyonla təmsil olunur. "ITU Telecom World 2019”da ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti təmsil edir.

Beynəlxalq sərgidə Məlumat Hesablama Mərkəzi də öz layihələrini ziyarətçilərə təqdim edir. Azərbaycanın Milli Pavilyonunda yer alan MHM-in stendi sərgi iştirakçıları tərəfindən yüksək maraqla qarşılanır. Stenddə nümayiş etdirilən məhsulalar haqqında daha ətraflı məlumat çatdırmaq üçün ziyarətçilərə kataloqlar da təqdim edilir.

"ITU Telecom World 2019” beynəlxalq sərgi və forumu sentyabrın 12-nə qədər davam edəcək.