İstanbulda eİD-nin blokçeyn texnologiyasında tətbiqi mövzusunda beynəlxalq konfrans keçirilib

27.09.19

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nümayəndələri 24-25 sentyabr 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Blokçeyn konfransında iştirak ediblər.

BTK (Bilgi Teknolojileri və İletişim Kurumu) və Tubitak-ın (Türkiye Bilimsel və Teknolojik Araştırma Kurumu) birgə təşkil etdiyi konfrans 2 gün davam edib.

Konfransın məqsədi blokçeynlə bağlı mövcud vəziyyəti və dünyada baş verən tendensiyaları analiz etmək, mütəxəssisləri bir araya toplayaraq, bu sahədə olan problemlərin həllinə dair müzakirələrin təşkilidir.

İctimai və özəl sektordan olan ekspertlər, alimlər və tədqiqatçıların bir araya gəldiyi Beynəlxalq Blokçeyn Konfransının bu ilki mövzusu Rəqəmsal İD-dir. İştirakçılar E-İD-nin Blokçeyn texnologiyasında tətbiqini müzakirə edərək, bu texnologiyanın insanların həyatını necə dəyişdirə biləcəyi, eləcə də iqtisadiyyatın rəqəmsallaşması prosesinə təsiri haqqında danışıblar. Konfransda diqqətə çatdırılıb ki, kibercinayətkarlığın sürətlə vüsət aldığı qlobal İT sferasında insanlara aid fərdi məlumatların ələ keçirilməsi son dərəcə təhlükəlidir. Buna qarşı olaraq blokçeyn texnologiyasını inkişaf etdirməklə fərdi məlumatların rəqəmsallaşdırılması və İD-lərin blokçeyn texnologiyasına uyğun formalaşdırılmasının önəmindən danışılıb.