Məlumat Hesablama Mərkəzinin əməkdaşları qanvermə aksiyasında iştirak edib

17.10.19

 

Bu gün Məlumat Hesablama Mərkəzində qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün könüllü qanvermə aksiyası təşkil olunub. Aksiya Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

Aksiyada MHM-in əməkdaşları iştirak ediblər. Mərkəzi Qan Bankının həkim-hematoloqları donorların sağlamlıq vəziyyətini qiymətləndirdikdən və anemiya testi etdikdən sonra tibbi tələblərə cavab verən könüllülərin aksiyada iştirakına icazə verilib. Bununla da aksiyaya qatılan donorlar qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün qan tədarükünün artırılmasına dəstək olublar.

Qeyd edək ki, toplanan qan nümunələri müayinədən keçdikdən sonra onlardan hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

Məlumat üçün bildirək ki, qan verərkən insanların həyatını xilas etməklə yanaşı, qan donoru öz immun sisteminin güclənməsinə də müsbət təsir göstərmiş olur. Qanvermə proseduru ürək-damar xəstəlikləri ilə yanaşı şəkərli diabet riskini də azaldır.