Ölkə başçısı ağacəkmə aksiyasında iştirak edib

11.11.19

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni "Gənclik” parkında "Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.

Layihənin məqsədi, insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə yönəlib. Layihə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərin aradan qaldırılması istiqamətində mübarizədə birgə fəaliyyətə səsləyir.

Ağacəkmə aksiyasında gənclər, rayon sakinləri, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə yanaşı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin əməkdaşları da fəal iştirak ediblər.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasının iştirakçıları ilə görüşüb xatirə şəkli çəkdirdilər.

Aksiya çərçivəsində ağacların əkilməsi, sulanması, ərazinin tullantılardan təmizlənməsi ilə yanaşı, buradakı mövcud ağaclarda quş yuvaları və yem qabları quraşdırılıb.

Tədbir müxtəlif əyləncəli və musiqili proqramlar, yarışlarla davam edib.