close
close

"Bakutel 2019" 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi öz işinə başlayıb


03.12.2019 37

Bu gün Bakı Ekspo Mərkəzində "Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi öz işinə başlayıb.

Sərgi iştirakçılarını salamlayan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bu il mötəbər tədbirin uğurlu fəaliyyətinin növbəti yubileyini - 25 illiyini qeyd etdiyini diqqətə çatdırıb. "İKT sahəsində regionun ən önəmli hadisələrindən birinə çevrilən ənənəvi sərgi qabaqcıl texnoloji nailiyyətlərin və innovasiyaların təqdimatına, biznes əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinə imkan yaradan platforma rolunu oynayır”,- deyə nazir vurğulayıb.

Ramin Quluzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı iqtisadi və struktur islahatları aparılır. "Dünya Bankı tərəfindən açıqlanan "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Hazırda ölkəmizdə idarəetmədə informasiya texnologiyalarının və innovasiyaların tətbiqi genişləndirilir. Struktur islahatlarının iqtisadiyyatın yeni inkişaf məqsədlərinə uyğunlaşdırıldığını deyən nazir ölkəmizdə yeni innovasiya ekosisteminin yaradıldığını diqqətə çatdırıb.

Nazir vurğulayıb ki, "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq dövlət başçımız tərəfindən "Hökumət buludu” Konsepsiyası təsdiq edilib. Bu konsepsiya ölkəmizdə dövlət idarəçiliyində və digər fəaliyyət sahələrində bulud texnologiyalarının tətbiqi üçün geniş imkanlar yaradır.

Ramin Quluzadə çıxışının sonunda "Bakutel 2019” 25-ci Yubiley sərgisinin hər il olduğu kimi, iştirakçılar arasında işgüzar əlaqələrin qurulmasına, təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.