close
close

MƏLUMAT HESABLAMA MƏRKƏZİ BAKUTEL 2019 SƏRGİSİNDƏ


03.12.2019 47

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hər il olduğu kimi bu dəfə də "Bakutel-2019" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında öz məhsullarını təqdim edəcək.

İlk öncə onu qeyd edək ki, 45 ildən çox fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzi (MHM) Azərbaycanda kompüter texnologiyası ilə hesablamalar və təhlillər aparan ilk qurum olub.

Müəssisənin xidmətlərinə "özəl şəbəkələrin qurulması”, "proqram təminatı”, "məlumatın saxlanma və emalı sistemi”, "sistem inteqrasiya həlləri”, "veb saytların yaradılması” və s. kimi mühüm xidmətlər daxildir.

MHM ölkədə elektron imza üçün Milli Sertifikat Xidmətləri Mərkəzinin fəaliyyətini qanunverciliyə əsasən təmin edən müəsissədir.

Fəaliyyət sahələrini genişləndirərək informasiya texnologiyalarının bir çox istiqamətlərini əhatə edir.

MHM-in pavilyonunda "Elektron imza (Bulud əsaslı imza, Toplu imza)”, "AzDoc” sənəd dövriyyəsi proqramı, "e-kadr”, "Somar” satış Proqramı, "SmartCell” üz tanıma texnologiyası (Face ID), "Azcall” Çağrı Mərkəzi, "SmartPay” ödəniş sistemi sahələrində həyata keçirilən yeni layihələr, maraqlı həllər nümayiş olunacaq.

Həmçinin, sərgi günlərində işgüzar görüşlərin keçiriləcəyi və memorandumun imzalanacağı planlaşdırılır.

Bununla yanaşı stendin ziyarətçiləri maraqlı viktorinanın iştirakçısına çevriləcək və iştirakçılar MHM tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

 

e-İmza (Bulud Əsaslı İmza, Toplu İmza)

Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənəd əl imzası ilə imzalanan və möhürlənən sənədə bərabər tutulur.

Elektron imza - elektron məkanda imzalamanı təmin edən və bütün beynəlxalq təhlükəsizlik standartına cavab verən tam təkmil imzalama vasitəsidir.

Sərgi çərçivəsində "Bulud Əsaslı İmza”, "Toplu İmza” və E-imzanın qarşılıqlı tanınması kimi imza həlləri nümayiş olunacaq.

 

Bulud Əsaslı İmza - elektron imzanın bulud texnologiyalarına əsaslanan mobil versiyasıdır. "Bulud əsaslı imzalama” ilə rahat şəkildə bank əməliyyatları aparmaq və digər sahələrdə elektron xidmətlərə tam inteqrasiya edərək sənədlərin imzalama prosesini sürətli, təhlükəsiz və elektron formada həyata keçirmək mümkündür. Bu imzalama sistemi ilə istənilən sayda və ölçüdə sənədlərin sürətli imzalanması, hər imza üçün iki faktorlu identifikasiya ilə yanaşı vaxt göstəricisini əlavə etmək mümkündür.

Həmçinin, Elektron imza tələb edən bütün elektron xidmətlərdə istifadə etmək imkanı var.

"Toplu imza”xidməti isə eyni anda çoxlu sayda sənədin elektron imza ilə imzalanmasına imkan verir.

Elektron sənəd və elektron imza haqqında qanunauyğunluğu təmin edən bu imzalama xidmətindən istifadə etməklə istənilən sayda və ölçüdə sənədləri eyni anda sürətli imzalamaq mümkündür. Həmçinin, bu imzalama sistemi vasitəsilə kargüzarlıq əməliyyatlarına sərf olunan vaxta qənaət edilir və iş axını sistemləşdirilir.

Elektron imzanın qarşılıqlı tanınması istiqamətində də xeyli işlər görülüb. Ötən ilin aprel ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə, Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında memarandum imzalandı.

Memoranduma əsasən elektron imzaların Türkiyə ilə qarşılıqlı tanınması istiqamətində ilkin texnoloji işlər tamamlanıb və sərgi çərçivəsində pilot olaraq təqdim ediləcək.

Eyni zamanda dövlətlər arasında elektron imzaların qarşılıqlı tanınması sahəsində Belarus Respublikası ilə də sıx əməkdaşlıq edilir. Artıq Belarus Respublikası ilə elektron imzaların qarşılıqlı tanınması üçün də texnoloji işlər bitmişdir. Hər iki dövlətin qanunvericiliyinə əsasən iki ölkə arasında elektron imzaların qarşılıqlı tanınması mümkündür. Bakutel çərçivəsində, Azərbaycan tarixində ilk dəfə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyi arasında memorandumun elektron imzalanması nəzərdə tutulur.

Ölkələr arasında elektron imzaların qarşılıqlı tanınması həm dövlət, həm biznes subyektləri, həm də vətəndaşlar tərəfindən aparılan qarşılıqlı münasibətləri yeni müstəviyə keçirəcək. Bununla da ölkəmizin nüfuzlu beynəlxalq reytinqlərdə, "Qlobal Rəqabət Qabiliyyəti" (Dünya İqtisadi Forumu), "Doing Business” (Dünya bankı), "Elektron Hökumət sorğusu” (BMT) kimi hesabat və indekslərdə irəliləməsinə imkan yaranacaq. Bu, həm də Azərbaycanın elektron ticarət qovşağına çevrilməsi baxımından mühümdür.

 

AzDoc elektron sənəd dövriyyəsi sistemi

"AzDoc" elektron sənəd dövriyyəsi – müəssisə və təşkilatların bütün struktur bölmələrində sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən proqram təminatıdır. Yerli mütəxəssislər tərəfindən hazırlanan "AzDoc" təşkilatın bütün sənədlərinin qeyd olunduğu gündən arxivdən silindiyi günə qədər tam dövriyyəsini dəstəkləyir. Burda sənədlərin qeydiyyatı, göndərilməsi, dərkənar yazılması, icrası, nəzarətə götürülməsi, statusları və s. əks olunur. Sənəd dövriyyəsində sənədlərin elektron imza ilə imzalanma imkanı da var.

Elektron sənəd dövriyyəsi təşkilat daxilində geniş həcmli sənəd dövriyyəsini təşkil etməklə yanaşı sənəd ötürmə prosedurlarını təmin etmək, müxtəlif elektron sənəd formatlarının dəstəklənməsi, ərazi cəhətdən kənar şöbələrinin sistemə daxil edilmə imkanının olması, ictimai sənədlərin təşkilatın vebsaytında dərc olunması kimi funksionallıqları özündə birləşdirir.

"A-dan Z-yə elektron kargüzarlıq” şüarını əsas tutan AzDoc proqramı, işin səmərəliliyini 25% artır, sənədlərin yaradılması və emal olunmasında itkiləri 75% azaldır, bununla da sənədlərin saxlanılma xərcləri 80% azalır, vaxta qənaət edilir.

 

e-Arxiv

Elektron arxiv – böyük həcmli informasiyanın kağız daşıyıcılardan elektron formata keçirilməsi, emalı və idarə olunması üçün nəzərdə tutulan proqram təminatıdır. Sistem elektron və skan edilmiş sənədləri arxivləşdirir, saxlanılmanın etibarlılığını təmin edir.

Sistem elektron və skan edilmiş sənədlərin arxivləşdirilməsi ilə yanaşı, arxivləşdirilmiş elektron sənədlərin sürətli, ətraflı və rahat axtarışı, sənədlərin saxlanılması üçün qovluqların istənilən formada strukturlaşması, istifadəçilərin hesablarına, qruplarına uyğun olaraq giriş imkanlarının məhdudlaşdırılması, sənədin tarixçəsinin izlənilməsi, böyük həcmli arxiv sənədlərinin kütləvi şəkildə yüklənməsi, saxlanılmanın etibarlılığını təmin etmək, giriş hüquqlarının müxtəlifliyi və s. kimi funksionallıqları özündə birləşdirir.

Bu isə idarə və təşkilatlara qanunvericiliyə uyğun olaraq arxivləşdirmə və sənədləşdirmə, fərqli ərazilərdən və ya şöbələrdən sistemə mərkəzləşdirilmiş giriş imkanı, sənədlərin rahat və sürətli axtarışı, eyni zamanda icazəsiz məhv edilməsinin mümkünsüzlüyü, sənədlərin əsllərinin korlanması və itirilməsi riskinin azaldılması, məxfilik, həmçinin kargüzarlıq üzrə xərclərin azaldılması kimi üstünlüklər qazandırır.

 

e-Kadr

e-Kadr – müəssisə və təşkilatlarda insan resursları ilə əlaqəli məlumatların və əməliyyatların elektron qaydada uçotun aparılması və tənzimlənməsi məqsədilə yaradılmış proqram təminatıdır. Bu proqram təminatı vasitəsilə kadr uçotunun aparılması, məzuniyyət və ezamiyyətlərin qeydiyyatı və tənzimlənməsi, icazələrin elektron qaydada tənzimlənməsi, davamiyyətə nəzarət, iş vaxtının uçotunun avtomatlaşdırılması kimi istiqamətlərdə qeydiyyat aparılır.

Sistem soraqçalar, sənədlər, kadrların şəxsi işləri, məzuniyyət, ezamiyyət, davamiyyət, icazələr, əsas vəsaitlər, əhatəli axtarış sistemi, hesabatlar, sistemin təhlükəsizlik tənzimləmələri kimi modullardan ibarətdir.

Eyni zmanda sistem bir mərkəzdən alt qurumlara və filiallara nəzarət, əməkdaşların səlahiyyətləri üzrə məlumatlara baxma imkanı, avtomatlaşdırılmış icazə sistemi, işə davamiyyətə nəzarət imkanı və s. kimi üstünlüklərə malikdir.

 

SmartCell üz tanıma texnologiyası

SmartCell – üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemdir.

SmartCell operatorlar üçün müştərinin və satıcının şəkil (face ID) və elektron imza ilə identifikasiyası, müştərinin iştirakı ilə real vaxt rejimində əldə edilmiş şəklin şəxsiyyət vəsiqəsindəki şəkil ilə eyniləşdirilməsi, elektron müqavilə, real vaxt rejimində məlumatların əldə edilməsi, arxiv işlərinin minimallaşdırılmasıvə s. kimi üstünlüklər qazandırır.

Müştəri üçün isə Şəxsin xəbəri və iştirakı olmadan adına nömrənin rəsmiləşdirilməsinin qarşısının alınması, vaxta qənaət, elektron müqavilə və elektron imza ilə əməliyyatın aparılması kimi üstünlüklər qazandırır.

 

"AzCall” çağrı mərkəzi

Dövlət qurumları, bank və özəl sektorlar üçün nəzərdə tutulmuş "Azcall” çağrı mərkəzi idarəetməni yüksək səviyyədə təmin etmək üçün lazım olan funksionallıqları özündə cəmləşdirən bir sistemdir. "Azcall” Çağrı Mərkəzi gələn zəng nömrəsi üzrə vətəndaşın tanınması və ona aid məlumatların əldə olunması, müştəri əlaqələrinin idarəedilməsi (CRM), sorğuların cavablandırılması (FAQ), müştəri müraciətlərinin emalı (MME), real vaxt monitorinqi, hesabatlar modulu, e-mail bildiriş modulu, interaktiv səsli cavablama (İVR), zəng keyfiyyətinin dəyərləndirilməsi, zənglərin idarəolunması və telefon danışıqlarının qeydə alınması, telefon danışıqlarının şifrələnmə imkanı kimi funksiyalara malikdir.

 

SmartPay ödəniş sistemi

SmartPay prosessinq mərkəzi yüksək məhsuldarlıq və dayanıqlı ödəniş sistemini təmin etmək məqsədilə yaradılıb. Hazırda SmartPay geniş coğrafi ərazidə müxtəlif xidmətlər üzrə etibarlı, onlayn, təhlükəsiz və sürətli ödəniş vasitəsi.

Vətəndaşlar bu prosessinq mərkəzinin xidmətindən istifadə etməklə dövlət qurumu xidmətlərini, sığorta xidmətlərini, kommunal xidmətləri, tv və internet provayderləri, bank xidmətləri və digər xidmətlər üzrə ödəmələrini həyata keçirə bilərlər.

Sistem ödənişlərin qəbulu üçün çoxşaxəli şəbəkə qurmaq, istənilən sayda xidmət təchizatçılarını qoşmaq, fərqli xidmət təchizatçılarını bir ödəniş sistemi çərçivəsində birləşdirmək, ödəniş agentlərin və təchizatçıların online fəaliyyətini təşkil etmək, fərqli vasitələrlə nağd və nağdsız ödəmə rahatlığı və s. kimi funksional imkanlara malikdir.

SmartPay üçün hər bir vətəndaşın fərdi məlumatlarının təhlükəsizliyi çox önəmlidir və xidmətlərdən istifadə ilə bağlı toplanmış və işlənmiş fərdi məlumatların qorunması öhdəliyini daim öz üzərinə götürür.

Hazırda "SmartPay” 71 poçt filialı, 1383 poçt şöbəsində 72 ödəmə terminalı, 81- xidmət üzrə, 2541 ödəmə nöqtəsi ilə vətəndaşların xidmətindədir.

Məlumat Hesablama Mərkəzi hər kəsi Bakutel sərgisində öz stendinə dəvət edir.