close
close

Koronavirusla mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirən “virtual hackathon”a qeydiyyat başladı


31.03.2020 202

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “SUP.VC” Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “Global Virtual Hackathon” müsabiqəsi keçirilir.

“Global Virtual Hackathon”un keçirilməsində əsas məqsəd virtual aləmdə insanların öz işlərini nizama salması üçün mühit yaratmaq, öyrənmək, şəbəkə qurmaq, ticari əlaqələr arasındakı boşluğu aradan qaldırmaq, mövcud potensialı üzə çıxarmaq və həqiqi nəticələrin əldə edilməsindən ibarətdir.

İdeya qəbulu haqda elandan tutmuş, seçim mərhələsi, prototiplərin sınanması və ideyaların həyata keçirilməsinə kimi bütün proseslər virtual formada reallaşdırılır.

Rəsmi dili ingilis dili olan müsabiqəyə qeydiyyata bu gündən start verilir. İştirakçılar müsabiqəyə qoşulmaq üçün www.hackcov19.com saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün qısa formanı doldurmaq lazım gəlir. Müraciət formasına müddəti maksimum bir dəqiqəlik, mövcud həll yolundan bəhs edən video yüklənilməlidir. Bu videolar sosial media platformalarında da yayımlanacaq.

Qeydiyyat 9 aprel 2020-ci il Bakı vaxtı ilə saat 21:00-da başa çatacaq.

Müsabiqəyə qoşulanlar mentorlarla işləyərək həll yollarını yerli və beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyətinə onlayn formada təqdim edəcəklər.

Seçilən iştirakçılar üçün müsabiqəyə cari ilin 10 aprel tarixində start veriləcək. 12 aprel tarixində keçiriləcək final mərhələsində isə jüriyə təqdim ediləcək layihələr arasından qiymətləndirmə əsasında qalib layihə və iştirakçılar seçiləcək.

Münsiflər heyətinin yekun qərarı təklif olunan həll yolunun effektivliyi, eləcə də ideyanın yerli, regional və beynəlxalq səviyyədə nə dərəcədə asan və tez tətbiq oluna biləcəyi amilləri əsasında formalaşacaq.

Birinci yerin sahibinə 5 min dollar, ikinci yerin qalibinə 3 min dollar və üçüncü yeri tutana isə 2 min dollar məbləğində mükafat bank hesabına köçürülməklə təqdim ediləcək.

 

news-detail