close
close


17.12.2020 258

“InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin təşkilatçılığı ilə “MHM-də ağıllı layihələr” adlı onlayn tədbir keçirilib.

Tədbirdə ölkə əhəmiyyətli bir neçə smart layihənin operatoru olan Məlumat Hesablama Mərkəzinin “SmartCell”, “SmartPay”, “Elektron İmzaların Ölkələr arasında Qarşılıqlı Tanınması” kimi layihələri haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, İtaliyanın NAPLES FEDERICO II Universiteti ilə birgə həyata keçirilən “SmartCell” (üz tanıma) proqramının yaradılmasında əsas məqsəd fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsidir. Əsasən maliyyə sektorunda, mobil operatorların fəaliyyətində istifadə olunması nəzərdə tutulan “SmartCell” proqramının gələcəkdə dövlət və özəl sektorda tətbiqi planlaşdırılır.

Sistem müştərinin iştirakı ilə real vaxt rejimində əldə edilmiş şəklin şəxsiyyət vəsiqəsindəki şəkil ilə eyniləşdirilməsinə, həmçinin abunə müqaviləsinin elektron imza ilə imzalanmasına imkan verir.

Bu texnologiyanın tətbiqi zamanı prosesin videoçəkilişini də təmin etmək mümkündür.

Bəs bu əməliyyat elektron imza ilə necə aparılır?

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən “Elektron imza” sertifikatının təqdim edilməsi prosesi çox sadədir.

Mobil tətbiqin köməyi ilə şəxsiyyət vəsiqəsi ilə üz tanınma prosesi həyata keçirilir. Bu məlumatlar əsasında şəxsə aid sertifikat sorğusu hazırlanır. Sertifikat Xidmətləri Mərkəzinin müvafiq infrastrukturuna sertifikatın alınması üçün sorğu göndərilir. Mərkəz tərəfindən verilən sertifikat proqram tərəfindən qəbul olunaraq sənədləri imzalamaq üçün tam istifadəyə hazır vəziyyətə gətirilir. Bütün bu proses qısa vaxt ərzində baş verir.

Daha sonra “SmartPay” ödəniş sistemi ilə bağlı məlumat verilib.

Bir çox xidmətləri vahid platformaya toplayan "SmartPay" geniş coğrafi ərazidə müxtəlif xidmətlər üzrə etibarlı, onlayn, təhlükəsiz və sürətli ödəniş vasitəsidir.

“SmartPay” ödəmə sistemi istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinə və mühafizəsinə tam təminat verir. Nəzarət mexanizmi sistemdə baş verə biləcək saxta əməliyyatları, icazəsiz hərəkətləri izləmək və anında bloklamaq imkanı verir.  

Vətəndaşlar bu prosessinq mərkəzinin xidmətindən istifadə etməklə dövlət qurumu xidmətlərini, sığorta xidmətlərini, kommunal xidmətləri, TV və internet provayderləri, bank xidmətləri və digər xidmətlər üzrə ödəmələrini həyata keçirə bilərlər.

Növbəti təqdimat elektron imza haqqında olub.

Rəqəmsal dünyada elektron imzalar, sənədləşmə xərclərinə, vaxta qənaət edir və iş proseslərinin sürətini əhəmiyyətli dərəcədə artırır.

Elektron imzaların beynəlxalq səviyyədə qarşılıqlı tanınması istiqamətində işlər aparılır. Hazırda Azərbaycan ilə Belarus arasında elektron imzaların qarşılıqlı tanınması üzrə bütün işlər tamamlanıb. Etibarlı Üçüncü Tərəf sistemi yaradılıb və elektron sənəd mübadiləsi üzrə “AzDoc” sənəd dövriyyəsi üzərindən testlər aparılıb. Hazırda hər iki dövlət qurumları arasında sənəd mübadiləsinin inteqrasiyası aparılır.

Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi ilə texniki məsələlər və elektron imzaların qarşılıqlı tanınması istiqamətində mexanizmlər tam olaraq yekunlaşıb. Hazırda Türkiyə ilə də dövlət qurumları arasında sənəd mübadiləsinin inteqrasiyası üzərində müzakirələr aparılır.

Qeyd edək ki, ölkələr arasında elektron imzaların qarşılıqlı tanınması həm dövlət, həm biznes subyektləri, həm də vətəndaşlar tərəfindən aparılan qarşılıqlı münasibətləri yeni müstəviyə keçirəcək. Bununla da ölkəmizin nüfuzlu beynəlxalq reytinqlərdə irəliləməsinə imkan yaranacaq. Bu, həm də Azərbaycanın elektron ticarət qovşağına çevrilməsi baxımından mühümdür.

Sonda “Ağıllı şəhər”in əsas komponentlərindən biri olan təmassız texnologiyanı dəstəkləyən nağdsız ödənişlər barədə təqdimat olub.

“Ağıllı şəhər”in əsas komponentlərindən biri də yeni texnologiyalara əsaslanan sistemlərin nəqliyyat sahəsinə tətbiqidir.

Buna misal olaraq bir neçə ay bundan əvvəl Şamaxı şəhərində avtobuslarda təmassız texnologiyanı dəstəkləyən sistemin quraşdırılmasını misal çəkə bilərik. Bu sistem vətəndaşlara təmassız texnologiyanı dəstəkləyən istənilən bank kartı ilə yanaşı, mobil cihazından, məsələn, smart telefon, o cümlədən smart saatından ödəniş etmək imkanı verir. Sistemin imkanları genişdir. Həm NFC texnologiyasını dəstəkləyir, həm QR kodla ödəmə imkanı var. Bununla yanaşı, ödənişlərə real vaxt rejimində nəzarət kimi funksionallığı özündə birləşdirir.

Pandemiya şəraitində ölkə səviyyəsində bu cür layihələrin tətbiqi fiziki təması azaldır, “Ağıllı şəhər” layihəsinin inkişafına dəstək verir, həmçinin vətəndaş məmnunluğunu artırır.

Ölkəmizdə bu cür layihələrin artmasında, ümumilikdə rəqəmsal Azərbaycanın qurulmasında iştirak Məlumat Hesablama Mərkəzi üçün prioritet olmaqla yanaşı, həm də inkişaf meyarıdır. Mərkəz tərəfindən ərsəyə gətirilən layihələrdə ən son dünya təcrübəsi öyrənilir, milli tətbiqlər yaradılır, rəqəmsal mühit üçün güclü kadr potensialı formalaşdırılır.