close
close

Açıq Məlumatlar Portalına 11 adda coğrafi xidmət əlavə edilib


29.12.2020 587

Elektron xəritələr üçün düzgün rəsmi mənbə – “opendata.az” təkmilləşdirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin yaratdığı “opendata.az” Açıq Məlumatlar Portalına coğrafi məlumat dəstləri daxil edilib. Portala Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 adda xidməti əlavə olunub. Məlumat Hesablama Mərkəzi tərəfindən bu xidmətlərə aid tətbiqi proqramlaşdırma interfeysi (APİ) servisləri hazırlanıb. Bu APİ-lər vasitəsilə məlumatların rəqəmli olaraq istifadəsi və emalı mümkündür.

 

Əlavə olunan yeni xidmətlərin tərkibində Azərbaycanın rayonları, şəhər və inzibati ərazi vahidləri yer alıb. Həmçinin dəmir yollarının, çayların, göllərin koordinatları, milli parklar, avtomobil yolları, onların tipləri (magistral, kənd, şəhər tipli), meşələrin yerləşdiyi ərazilərin koordinatları, coğrafi adlar, obyektlər (dövlət idarələri və təşkilatları, özəl müəssisələr, otellər, tədris mərkəzləri və s.) əks olunub.

 

Yeni xidmətlərin məlumat bazası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya İdarəsi və AMEA-nın Dilçilik İnstitutu, texniki və proqram təminatı isə NRYTN-in Məlumat Hesablama Mərkəzi tərəfindən təmin edilib.

 

Bu xidmətlər Azərbaycan Respublikası xəritəsinin beynəlxalq rəqəmli platformalarda, mobil tətbiqlərdə, startaplar tərəfindən istifadəsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının coğrafi adlarının, toponimlərin düzgün istifadə edilməsinə xidmət edir.

 

Açıq Məlumatlar Portalındakı coğrafi məlumatlardan istifadə elektron xəritələrdə erməni saxtakarlığının qarşısını almaqla yanaşı, Azərbaycan toponimlərinin dünyada tanıdılmasına da imkan verəcək.

 

opendata.az” portalı vasitəsi ilə aidiyyəti şəxslər, o cümlədən proqramçılar və startapçılar dövlət orqanları tərəfindən yaradılan məlumatlar toplusunu asanlıqla tapa, yükləyib istifadə edə bilərlər. Portal dövlət orqanlarının məlumatlar toplusunun təsvirini, eləcə də məlumatlar toplusuna və əlavə vasitələrə giriş tapmaq üçün informasiyanı özündə əks etdirir.

Xidmətlər müntəzəm təkmilləşdirilir. İstifadəçiləri ən son yeniliklərdən xəbərdar olmaq üçün “opendata.az” elektron portalını daim izləməyə dəvət edirik.