close
close

Beynəlxalq müsabiqədə qalib olan rəqəmsal layihəmiz vətəndaşlara nələr vəd edir? – MÜSAHİBƏ


25.05.2021 191

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan “Vətəndaşların Elektron Müraciət Portalı” beynəlxalq müsabiqənin qalibi olub. Portal Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2021” (WSIS Prizes – 2021) müsabiqəsində “E-hökumət” nominasiyası üzrə birincilik qazanıb.

Ölkəmizi beynəlxalq arenada layiqli şəkildə təmsil edən və birincilik qazanan bu layihənin məqsədi və nəyə xidmət etdiyini öyrənmək, yəqin ki, Sizin üçün də maraqlıdır!?

Suallarımızı Məlumat Hesablama Mərkəzinin direktor müavini İnarə Vəliyeva cavablandırıb.

İnarə xanım, müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirəm. İlk olaraq öyrənmək istəyirəm ki, bu layihənin seçilmə prosesi necə oldu?

Müsahibə üçün mən təşəkkür edirəm. Bu layihəmizi dünya ictimaiyyəti, xüsusilə rəqəmsal sferanın təmsilçiləri tanıdı. Layihənin ölkəmizdə də tanınması vacibdir. Bununla bağlı bir sıra işlər görülüb və əminəm ki, bu müsahibə də həmin işlərin davamı olmaqla yanaşı, “Vətəndaşların Elektron Müraciət Portalı”na yeni baxışın sərgilənməsinə səbəb olacaq.

Sualınıza gəlincə, bildirmək istəyirəm ki, “WSIS Prizes – 2021” müsabiqəsinə Azərbaycanla yanaşı, dünyanın bir çox ölkəsindən 1270 elektron layihə təqdim olunub. Ekspertlər qrupu tərəfindən nəzərdən keçirilən bu layihlərdən 360-ı uğurlu hesab edilərək müsabiqədə iştiraka buraxılıb. Onlayn səsvermə əsasında keçirilən müsabiqədə 18 nominasiya üzrə 18 “Qalib” (Winner), 90 "Çempion” layihə müəyyən edildi. Qaliblərdən biri də bizim layihəmiz – “Vətəndaşların Elektron Müraciət Portalı” oldu.  

Bu portalın vətəndaşlar üçün üstünlükləri nələrdən ibarətdir?

Bu rəqəmsal həll vətəndaşlara, xüsusilə regionlarda, kəndlərdə yaşayan əhaliyə evdən, iş yerindən çıxmadan müraciətlərini onlayn şəkildə ünvanlamaq imkanı verir. Yeri gəlmişkən deyim ki, layihə pilot olaraq Şamaxıda tətbiq olunub. Şamaxıda yaşayan vətəndaşlarımız bu portaldan asanlıqla istifadə edirlər.

Portala ierarxik şəkildə qurumlar əlavə etmək mümkündür. Yəni vətəndaşlara nə qədər xidmət lazım olarsa, bütün bu xidmətlərin hamısını portala inteqrasiya etdirmək olar. Vətəndaş evdən çıxmadan, iş yerindən, ümumiyyətlə haradadırsa, oradan müraciətini ünvanlaya bilər. Portalın bu xüsusiyyəti pandemiya dövründə müstəsna əhəmiyyət kəsb etdi.

Bundan əlavə, portal üzərindən göndərilən müraciətlərin statusunu da izləmək mümkündür. Tutaq ki, Siz bələdiyyəyə müraciət etmisiniz və 3 gün sonra müraciətinizlə bağlı işin nə yerdə olduğunu öyrənmək istəyirsiniz, portala daxil olub çox asanlıqla müraciətinizin statusunu görə bilirsiniz.

Təbii ki, bu vətəndaşı bürokratik əngəllərdən də azad edir?!

Ümumiyyətlə rəqəmsallaşma bürokratik əngəlləri minimuma endirir. Portalın işinin mərkəzində birbaşa vətəndaş-məmur münasibətləri dayandığı üçün bu münasibətlərdən qaynaqlanan problemlər azalmış olur. Həmçinin əgər məmur vətəndaşın müraciətinə laqeyd yanaşarsa, işini keyfiyyətli yerinə yetirməzsə, bunu qurum rəhbərliyi görür və vaxtında lazımi müdaxilə etmək imkanı olur.

Diqqət çəkdiyiniz üstünlüklər son dərəcə vacibdir. Əlbəttə ki, hər bir işin, fəaliyyətin məqsədi olur. Hesab edirəm ki, portalın yaradılmasında birbaşa məqsədlərdən savayı, dolayısı hədəflər də mövcuddur...

Tamamilə doğru vurğulayırsınız. Baxın, deyirik ki, “Vətəndaşların Elektron Müraciət Portalı” vasitəsilə müraciətinizi olduğunuz yerdən edin. Bu məqsəd təkcə pandemiyanın tələblərini yerinə yetirmək, bürokratik əngəlləri aşmaq deyil, həm də vaxt itkisinin, əlavə xərclərin qarşısının alınmasıdır. Yəni vətəndaş vaxt və maliyyə sərf etmədən şəhər mərkəzinə, yaxud da müraciət etməli olduğu quruma getməli olmur.

Son olaraq, öyrənmək istəyirəm ki, bu layihə Azərbaycanın rəqəmsal transformasiyasına necə təsir edəcək?

Əslində bu və bu kimi layihələr ölkəmizin rəqəmsal transformasiyasının tərkib hissəsidir. Ötən ay Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Prezident İlham Əliyev fərman imzaladı. Fərmanın giriş hissəsində qeyd olunur ki, “rəqəmsal transformasiya sahəsində həyata keçirilən dövlət siyasəti üzrə idarəetmə, əlaqələndirmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, kommersiya fəaliyyəti ilə yanaşı, dövlət və ictimai əhəmiyyət daşıyan funksiyaların effektiv həyata keçirilməsi tələb olunur”. “Vətəndaşların Elektron Müraciət Sistemi” də məhz dövlət və ictimai əhəmiyyət daşıyan funksiyaların effektiv həyata keçirilməsinə xidmət edir.