close
close


16.07.2021 81

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nəzdində Kiber Hücumların Simulyasiya Laboratoriyası yaradılıb.

 

Laboratoriyada kiber təhlükəsizliklə bağlı proseslər araşdırılacaq, bu sahə üzrə mütəxəssislər hazırlanacaq, baş verə biləcək kiber hücumlara qarşı həmlələr həyata keçiriləcək. Həmçinin sistemlərdəki boşluqların yoxlanılması, təhlükəsizlik auditi xidmətinin göstərilməsi planlaşdırılır. Mütəxəssislər tərəfindən mütəmadi simulyasiya hücumlarının həyata keçiriləcəyi laboratoriyada qurumun layihələri, eləcə də digər qurumların istifadəsi üçün nəzərdə tutulan İT hesabatların hazırlanması da mümkün olacaq.

 

Məlumat üçün bildirək ki, kiber təhlükəsizlik üzrə mütəxəssislərin hazırlanmasında ən önəmli rollardan birini simulyasiya hücumlarının təşkili bacarıqlarının qazandırılması oynayır. Bu, mütəxəssislərə hücumun baş vermə texnikasını dəqiq öyrənməyə, test edilən sistemlərdəki boşluqları aşkarlamağa və çatışmazlıqları vaxtında aradan qaldırmağa imkan verəcək. Bulud infrastrukturunda qurulmuş laboratoriya tam izolyasiya olunmuş mühiti təmin edir və infrastruktur dəyişikliklərinin daha qısa müddətə həyata keçirilməsinə şərait yaradır.

 

Qeyd edək ki, kiber təhlükəsizlik sahəsi üzrə kadr hazırlanması üçün mütəmadi olaraq laboratoriyada təcrübə proqramları elan ediləcək. Təcrübə proqramlarına seçilən namizədlər müxtəlif tapşırıqlar yerinə yetirəcək, o cümlədən simulyasiya hücumlarında iştirak edəcəklər.