close
close

NRYTN-ın tərəfindən elan edilən təqaüd proqramına qoşulan təhsil müəssisələrinin sayı artdı


29.09.2021 108

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən elan edilən təqaüd proqramına Code Academy də qoşuldu. Bununla da layihəyə qoşulan tərəfdaşların sayı Code and More, İsrail – Azərbaycan Təlim Mərkəzi, Tech Academy və “İKT LAB”la birlikdə beşə çatdı.   

 

Təqaüd proqramı çərçivəsində “Code Academydə “Microsoft” təməlli və “Front-end” proqramlaşdırma, eləcə də “UI/UX” dizayn üzrə bilik və bacarıqlara yiyələnmək mümkündür. Bu istiqamətlər üzrə peşə sahibi olmaq istəyən tələbələr və ali təhsil müəssisələrini bitirən şəxslər proqramdan yararlana bilərlər.

 

Proqrama qoşulan digər təhsil müəssisələrində təqaüd çərçivəsində informasiya texnologiyalarının daha bir neçə istiqaməti üzrə təlimlərə qatılmaq mümkündür. Belə ki, İsrail – Azərbaycan Təlim Mərkəzində “UI/UX” ilə yanaşı “Full Stack” proqramlaşdırma, “QA automated”, IOS üçün mobil proqramlaşdırma, “İKT LAB”da Bulud İnzibatçılığı, Java Proqramçı, Kibertəhlükəsizlik, Tech Academydə “Full Stack Python” və “Full Stack JavaScript” veb proqramqamlaşdırılması istiqamətləri üzrə təlimlər təşkil olunacaq. Adı çəkilən təhsil müəssisələrində proqram üzrə kurslara oktyabrın 15-dən noyabrın əvvəlinədək başlanılacaq.

 

Bunlardan əlavə, proqram çərçivəsində tələbə qəbulunu bitirən Code and Moreda oktyabr ayının 4-dən etibarən Avtomatika, Elektronika, Uşaq elektronikası və Bulud mühəndisliyi üzrə tədrisə start veriləcək.

 

Ölkəmizin rəqəmsal transformasiya prosesinin vacib ünsürü olan layihənin məqsədi İnformasiya Texnologiyalarının müxtəlif istiqamətləri üzrə əmək bazarının tələblərinə uyğun keyfiyyətli kadr yetişdirilməsi prosesini sürətləndirərək Azərbaycanda innovativ mühitin və startap ekosisteminin inkişaf etdirilməsinə töhfə verməkdən ibarətdir.

 

Qeyd edək ki, təqaüd proqramında yerlərin sayı məhduddur və iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. Namizədlərə qeydiyyatla bağlı seçdikləri təhsil müəssisəsinə müraciət etmələri və tələsmələri tövsiyə olunur.